BMT: Minatəmizləmə şəhərsalma və münaqişədən sonrakı inkişaf planlarına inteqrasiya edilməlidir
Minatəmizləmə məsələləri şəhərsalma və münaqişədən sonrakı inkişaf proqramlarına inteqrasiya edilməli, bu prosesdə minatəmizləmə operatorları, şəhərsalma mütəxəssisləri və tikinti qurumları arasında koordinasiya təmin olunmalıdır.
Bunu BMT İnkişaf Proqramının (UNDP) minatəmizləmə üzrə qlobal müşaviri Steinar Essen Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
Onun sözlərinə görə, mina və partlayıcı sursatlarla çirklənmiş şəhər ərazilərinin bərpası yalnız minatəmizləmə qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalı, şəhərsalma və tikinti prosesləri ilə əlaqələndirilməlidir.
Essen bildirib ki, şəhərlərin münaqişədən sonrakı bərpasında minatəmizləmə operatorları, şəhərsalma mütəxəssisləri və tikinti qurumlarının birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, təhlükəsiz şəhər bərpası zamanı ərazilərin təmizlənməsi ilə yanaşı, yerli icmaların təhlükəsizliyinin təmin edilməsi və təmizlənmiş ərazilərin sonrakı istifadəsinin əvvəlcədən planlaşdırılması da nəzərə alınmalıdır.
Gülnar Nazimqızı
Mənbə: anews.az