Image

Rəhman Hacıyev: Mina probleminin aktuallığı müharibələr bitdikdən sonra da davam edir

Qarabağ Dirçəliş Fondunun sifarişi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə beynəlxalq mina probleminə həsr olunmuş film hazırlanıb.

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

Onun sözlərinə görə, filmdə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işləri və mina qurbanlarının taleyi ilə yanaşı, problemin qlobal miqyası da əks etdirilib.

“Filmdə Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Laos və Kolumbiyada mina problemi və bu sahədə mövcud çağırışlar barədə məlumatlar yer alıb. Eyni zamanda dünyada bu istiqamətdə görülən işlər təhlil olunur”, – Hacıyev deyib.

O bildirib ki, mina təhlükəsi müharibələr başa çatdıqdan sonra da uzun müddət davam edir. “Əsgərlər döyüş meydanını tərk etdikdən sonra belə minalar insanları öldürməyə və yaralamağa davam edir. Buna görə də bu mövzunun aktuallığı illər boyu itməyəcək”, – Hacıyev bildirib.

Onun sözlərinə görə, film beynəlxalq komanda ilə birlikdə hazırlanıb və məqsəd Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işləri, eləcə də ölkənin və dünyanın üzləşdiyi çağırışları beynəlxalq auditoriyaya təqdim etməkdir.

Filmin qapalı nümayişinin IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Netanyahu Qəzzaya gedib