"ABŞ qorxmur və açıq şəkildə göstərir ki, Rusiyadan sonrakı hədəfi o ölkədir" - AÇIQLAMA
ABŞ Çini dünya düzənini dəyişmək imkanına malik yeganə ölkə kimi dəyərləndirib. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbel danışıb. “Co Bayden administrasiyası əmindir ki, Çin dünya nizamını dəyişmək niyyətində olan və bunu etmək üçün böyük iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik yeganə ölkədir”, o deyib.
Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Çinin dünyanın nizamını dəyişməyə qadir ölkə olması mümkündür:
“Çünki Çin son 20 ildə, xüsusən də beynəlxalq siyasətə təsir imkanlarını artırıb. Rəsmi Pekinin həm ordu potensialı kifayət qədər yüksəkdir, həm də iqtisadi-siyasi imkanları genişdir. Çin BRİKS-in üvzüdür (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), Şanxay Əməkdaşlıq Təşkilatının əsas aparıcı simalarından biri sayılır. Bu ölkə həm də BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biridir. Onun kifayət qədər maliyyə kapitalı var. Afrikanın 54 ölkəsinin demək olar, hər birində Çinin həm diplomatik nümayəndəlikləri, həm də iqtisadi imkanları mövcuddur. Çin son dövrlər Latın Amerikasına əhəmiyyətli maliyyə yatırımı edir. Yaxın Şərqə də böyük maraq göstərir”.
Mənbə: gundem.az