Image

Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı olub.Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Ceyhun Bayramov Ed Milibəndi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Böyük Britaniya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Tərəflər liderlər səviyyəsində son Avropa Siyasi Birliyi (EPC) Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşün və "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, sənəddə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini də müzakirə ediblər.

Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülh və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda restoran yanır

Sabah hava yağmursuz olacaq