Image

Rus bölməsində təhsil alan şagirdlərin xərclərini niyə dövlət ödəyir? - deputat

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda rus bölməsində təhsil alan 157 min şagirdin təhsil xərclərinin dövlət büdcəsi hesabına qarşılanması məsələsinin müzakirəyə çıxarılmasını təklif edib.

Deputat Milli Məclisin iclasında çıxışı zamanı bildirib ki, hazırda ölkədə Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır. Rus bölməsində oxuyanların sayı isə 157 min nəfərdir və bu, ümumi şagirdlərin 9,3 faizini təşkil edir.

Babaoğlunun sözlərinə görə, bir şagirdin dövlət büdcəsinə illik maliyyə xərci təxminən 2 min manatdır.

“Azərbaycanda ingilis dilində dövlət hesabına təhsil alan orta məktəb platformu demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir? İllər sonra sual yaranır: nə üçün?”, – deputat bildirib.

O qeyd edib ki, milli kimlik, milli özünüdərk və milli ideologiyanın formalaşmasında təhsil mühüm rol oynayır.

Babaoğlu ali təhsil müəssisələrində dövlət sifarişi ilə rus dilində təhsil alan tələbələrin sayına da diqqət çəkib. Onun sözlərinə görə, bu göstərici 2 195 nəfərdir və dövlət sifarişi ilə təhsil alan tələbələrin 7,85 faizini təşkil edir.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda restoran yanır

Sabah hava yağmursuz olacaq