Image

Cabbarov: ÜDM-in artımı 10 ayda tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub

2026-cı ilin yanvar-oktyabrında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı bütövlükdə qeyri-neft-qaz sektorunun hesabına təmin olunub. Eyni dövrdə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 faizi ötüb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci ilin büdcə müzakirələri zamanı bildirib.

Nazirin sözlərinə görə, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır.

“Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub”, – Cabbarov qeyd edib.

O bildirib ki, qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb.

Cabbarovun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz olduğu halda, 2026-cı ilin ilk 10 ayında 55 faizi ötüb.

Nazir bildirib ki, büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır.

O əlavə edib ki, dövlət büdcəsinin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildə 12,9 milyard manat, 2026-cı ilin təsdiq olunmuş büdcəsində isə 22,2 milyard manat nəzərdə tutulub.

Mənbə: anews.az

Xəbər lenti