Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankı 2027-ci ilin sonunda qeyri-neft-qaz sektorunda iqtisadi artımın 4,3 faiz olacağını gözləyir. Ümumi daxili məhsulun (ÜDM) artımının isə 2,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə 2027-ci ilin büdcə müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə iqtisadi artım 1,7 faiz, qeyri-neft ÜDM-in artımı isə 2,9 faiz olub.
Kazımov qeyd edib ki, qlobal iqtisadi şəraitdəki çağırışlara baxmayaraq, ölkədə iqtisadi artım davam edib.
Mərkəzi Bank sədrinin sözlərinə görə, 2026-cı ilin oktyabrında illik inflyasiya 5,2 faiz təşkil edib və bu göstərici qurumun hədəf diapazonunda formalaşıb.
“Bizim oktyabr proqnozlarımıza əsasən orta müddətdə inflyasiya 5,3 faiz olacaq. Orta müddətdə mən 2027-2028-ci illəri nəzərdə tuturam”, – o bildirib.
Xarici ticarət göstəricilərinə toxunan Kazımovun sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında isə 2026-cı ilin ilk altı ayında 4,7 milyard dollarlıq profisit qeydə alınıb. Bu, ÜDM-in 12,4 faizinə bərabərdir.
Mərkəzi Bankın proqnozuna əsasən, cari əməliyyatlar balansının profisiti 2026-cı ilin sonunda 8,5 milyard dollar, 2027-ci ilin sonunda isə təxminən 5,5 milyard dollar olacaq.
Mənbə: anews.az