Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Büdcə xərclərinin azaldılması ilə dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması eyni anlayışlar deyil. Bunu 2027-ci ilin büdcə müzakirələri zamanı Milli Məclisin iqtisadi, siyasi və sənaye komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, xərclərin ixtisarı fiskal göstəriciləri yaxşılaşdıra bilsə də, bu, avtomatik olaraq büdcə vəsaitlərindən daha səmərəli istifadə edilməsi demək deyil.
Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib ki, büdcə xərcləri optimallaşdırılarkən onların iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri də nəzərə alınmalıdır.
“Büdcə xərclərinin azaldılması ilə onların səmərəliliyinin artırılması eyni anlayışlar deyil. Xərclərin azaldılması fiskal göstəriciləri yaxşılaşdıra bilər. Lakin bu, avtomatik olaraq dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi demək deyil”, – Əmiraslanov qeyd edib.
Onun sözlərinə görə, dövlət investisiyaları neft sektoru ilə yanaşı, uzun illər ərzində iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi olub. Buna görə də büdcə xərclərinin optimallaşdırılması zamanı multiplikativ təsirə malik xərc istiqamətlərinin nəticələri qiymətləndirilməlidir.
“Bəzi xərclərin azaldılması qısamüddətli büdcə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər”, - deputat bildirib.
Əmiraslanov proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqinin də sürətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu mexanizmin əhatə etdiyi sektorların sayı səkkizə çatdırılıb, 2027-ci ilin büdcə zərfində həmin sektorlar üzrə 54 dövlət proqramının maliyyələşdirilməsinə 13,9 milyard manat ayrılması nəzərdə tutulur.
Deputatın sözlərinə görə, 2025-ci ildə nəticəəsaslı büdcə üzrə maliyyələşmənin həcmi 6,1 milyard manata çatıb ki, bu da ümumi büdcə xərclərinin 15,8 faizini təşkil edib.
“Fiskal konsolidasiya siyasəti ilə nəticəəsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmalıdır. Konsolidasiya prosesinin sürəti nəticəəsaslı büdcə mexanizminin tətbiqinin də sürətləndirilməsini zəruri edir. Bu iki istiqamətin daha sıx əlaqələndirilməsi büdcə vəsaitlərinin səmərəliliyinin yüksəldilməsinə əlavə imkanlar yarada bilər”, - o deyib.
Deputat büdcənin təsdiq edilmiş parametrləri ilə faktiki icrası arasında uyğunluğun təmin edilməsini də vacib sayıb. Onun fikrincə, fiskal konsolidasiya tədbirləri əsasən büdcənin planlaşdırılması mərhələsində müəyyənləşdirilməli, icra zamanı isə təsdiq olunmuş xərc proqramlarının ardıcıllığı və proqnozlaşdırıla bilməsi mümkün qədər qorunmalıdır.
Əmiraslanov kənd təsərrüfatının nəticəəsaslı büdcə mexanizminin tətbiq edildiyi səkkiz sektordan biri olduğunu xatırladaraq, aqrar sahənin maliyyələşdirilməsinin bu prinsiplə daha sıx uzlaşdırılmasını təklif edib.
O bildirib ki, 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsait 12,5 faiz və ya 153 milyon manat artaraq təxminən 1 milyard 380 milyon manata çatıb. Bu, iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik xərc istiqamətidir.
Deputat Prezident İlham Əliyevin kənd təsərrüfatını iqtisadi, sosial və təhlükəsizlik məsələsi kimi qiymətləndirdiyini qeyd edib.
“Bu gözləntilər kənd təsərrüfatına dövlət dəstəyinin səmərəli təşkili, məhsuldarlığın və ixracın artırılması, özünütəminetmə göstəricilərinin yaxşılaşdırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, kəndin inkişafı və rifahı ilə bağlıdır. Bunları nəzərə alaraq növbəti illərdə aqrar sahənin maliyyələşdirilməsinin nəticəəsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik”, - Əmiraslanov bildirib.
Mənbə: anews.az