Bir sıra məşhur şəxslərin və şirkətlərin köhnə paylaşımlarındakı linklər dəyişdirilib
ABŞ Prezidenti Donald Trampın, eləcə də "Burger King" və "McDonald's" şirkətlərinin sosial şəbəkə hesablarındakı köhnə paylaşımların linkləri dəyişdirilərək istifadəçilər üçüncü tərəf saytlarına yönləndirilib.
"New York Post" qəzeti xəbər verir ki, naməlum kiber cinayətkarlar "Bitly" link qısaltma xidmətindəki boşluqdan istifadə edərək əvvəllər yayımlanmış paylaşımlardakı keçidlərin təyinat ünvanlarını dəyişiblər.
Belə ki, "Burger King"in 2011-ci ildə paylaşdığı və əvvəlcə restoran axtarış səhifəsinə yönləndirən link hazırda istifadəçiləri nasist həbs düşərgələri barədə Vikipediya məqaləsinə aparır. Şirkətin başqa bir paylaşımındakı link isə Adolf Hitler haqqında səhifəyə yönləndirir.
"McDonald's"ın köhnə paylaşımındakı keçid də dəyişdirilərək ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları barədə məqaləyə yönləndirilib.
Nəşrin məlumatına görə, problem Donald Trampın arxivləşdirilmiş paylaşımlarına da təsir edib. Onun təxminən 20 köhnə paylaşımındakı linklər istifadəçiləri üçüncü tərəf saytlarına, videolara və digər materiallara yönləndirib.
Qeyd olunur ki, bu hadisə şirkətlərin və ya şəxslərin hesablarının sındırılması ilə bağlı deyil. Kiberhücum nəticəsində əvvəllər yaradılmış qısa "Bitly" linklərinin yönləndirdiyi son ünvanlar dəyişdirilib.
"Burger King" dəyişdirilmiş linklərdən birinin yer aldığı paylaşımın silindiyini bildirib. "McDonald's"ın da müvafiq paylaşımı silinib. Hər iki şirkət və "Bitly" məsələ ilə bağlı əlavə şərh verməyib.
Mənbə: anews.az