Image

İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb

İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətində pravoslav kilsəsinə hücum edən üç nəfər barəsində ölüm hökmü çıxarıb.

Bu barədə "Petra" informasiya agentliyi məlumat yayıb.

Məhkəmə təqsirləndirilən şəxsləri insan tələfatı ilə nəticələnən terror fəaliyyətinin doqquz epizodunda, silah və döyüş sursatından istifadə etməklə hücumlar törətməkdə, silahlı terror aktları hazırlamaqda və terror qruplaşmasının təbliğatını yaymaqda təqsirli bilib.

Qərardan apellyasiya şikayəti verilə bilər. Bundan əlavə, İordaniya qanunvericiliyinə əsasən, hökm məcburi qaydada Kassasiya Məhkəməsində nəzərdən keçirilməlidir.

Oktyabrın 23-də Həmmud rayonundakı Müqəddəs Georgi pravoslav kilsəsində keçirilən anım mərasimi zamanı üç silahlı şəxs iştirakçılara atəş açaraq hadisə yerindən qaçıb. Daha sonra onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hücum nəticəsində 9 nəfər ölüb, 34 nəfər yaralanıb.

Mənbə: anews.az

Xəbər lenti