ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılmasının səbəbi açıqlanıb
ABŞ-nin bütün hava limanlarında təyyarə uçuşlarının dörd saat müddətinə dayandırılmasına səbəb Federal Aviasiya Administrasiyasının (FAA) sistemində aparılan texniki işlər zamanı yaranan nasazlıq olub.BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "The Wall Street Journal" qəzetinə açıqlamasında bildirib.
Nazir hadisəyə görə podratçı şirkət "L3Harris"i məsul tutub. Onun sözlərinə görə, şirkət ya nasaz marşrutlaşdırıcı quraşdırıb, ya da texniki işləri lazımi səviyyədə həyata keçirməyib.
Daffi bildirib ki, hazırda mümkün səhlənkarlıq araşdırılır və məsul şəxslərin cəzalandırılması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi çərçivəsində aparılan planlı işlərdən sonra sistemdə problem yaranıb. Dəyişdirilən marşrutlaşdırıcı hər 4-5 saniyədə uçuşların idarə edilməsi sisteminin digər qovşaqlarına təxminən 1 000 qoşulma sorğusu göndərib.
Nəticədə təyyarələrlə radioəlaqədə və radar məlumatlarının ötürülməsində fasilələr yaranıb.
"L3Harris" şirkəti isə hadisə ilə bağlı daxili araşdırmaya kömək etdiyini açıqlayıb. Şirkət uçuşların dayandırılmasının sərnişinlərə, aviaşirkətlərə və hava hərəkətinin idarə edilməsinə təsirlərinə ciddi yanaşdığını bildirib.
Mənbə: baku.ws