Image

2027-ci ilin dövlət büdcəsinin bəzi göstəriciləri təkmilləşdirilməlidir – Palata

Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsinin bəzi göstəricilərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu açıqlayıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Palatanın mərkəzi icra hakimiyyəti orqanları ilə apardığı müzakirələrdən sonra büdcə zərfində dəqiqləşdirmələr və əlavələr edilib.

Onun sözlərinə görə, Palata qanunvericiliyin tələblərinə uyğun hazırlanmış büdcə layihəsini və ona əlavə edilmiş sənədləri təhlil edib, bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlib.

“Mərkəzi icra hakimiyyəti orqanları ilə son iki ay ərzində intensiv müzakirələr aparılıb, nəticədə büdcə zərfində dəqiqləşdirmələr və əlavələr edilib”, – Gülməmmədov bildirib.

Palata sədri büdcə sənədlərinin əsas aspektlər üzrə ümumilikdə düzgün və etibarlı təqdim edildiyini qeyd edib. Onun sözlərinə görə, qurum gəlir və xərc proqnozlarının əsaslandırılmasını, büdcə kəsirini, dövlət borcunu və makrofiskal riskləri təhlil edib.

“Azərbaycanın makrofiskal çərçivəsi dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə saxlanılması, habelə suveren fond aktivlərinin birbaşa likvidlik və kontrtsiklik sığorta funksiyaları hesabına yüksək ödəmə qabiliyyətini və borc dayanıqlığını nümayiş etdirir”, – o deyib.

Gülməmmədov büdcə qanunvericiliyinin müasirləşdirilməsinin də vacibliyini vurğulayıb. O, “Büdcə sistemi haqqında” qanunun yenilənərək müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasını təklif edib.

“Milli Məclis üçün mühüm əhəmiyyət daşıyan maliyyə sənədlərinin təqdim edilmə siyahısını tənzimləyən qanunun 12, 16, 18 və 20-ci maddələrinin də müasir rəqəmsal idarəetmənin sürətinə uyğunlaşdırılmasına ehtiyac var. Büdcə münasibətlərini tənzimləyən müxtəlif hüquqi aktlar arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə büdcə qanunvericiliyinin məcəllələşdirilməsi vacibdir”, – Palata sədri bildirib.

O əlavə edib ki, 2027-ci ilin büdcə zərfində xərc siyasəti üzrə üç yeni istiqamət müəyyənləşdirilib. Bunlar dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması, süni intellekt və rəqəmsallaşma vasitəsilə dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.

Mənbə: anews.az

Xəbər lenti