Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Azərbaycan Mərkəzi Bankı 2027-2030-cu illəri əhatə edəcək maliyyə sektoru üzrə yeni inkişaf strategiyası hazırlayır. Sənəddə əsas diqqətin real sektorun maliyyələşdirilməsinə, rəqəmsallaşmaya, innovativ həllərin tətbiqinə və maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına yönəldilməsi nəzərdə tutulur. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, 2024-2026-cı illəri əhatə edən hazırkı strategiyanın icra səviyyəsi 91 faizdir. Qurum ilin sonunadək bu strategiyanın icrasını yekunlaşdırmağı və növbəti dövr üçün yeni sənəd hazırlamağı planlaşdırır.
Kazımov bildirib ki, yeni strategiyada iki əsas istiqamət müəyyənləşdiriləcək.
“İlk növbədə maliyyə sektorunun inkişafı, mən burada real sektorun maliyyələşdirilməsini nəzərdə tuturam, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, ümumiyyətlə, maliyyə xidmətlərinin inklüzivliyinin və əhatə dairəsinin artırılmasıdır. Digər əsas məqsəd isə tənzimləmə siyasətimizin təkmilləşdirilməsi və bununla da maliyyə sektorunun dayanıqlığının təmin edilməsidir”, - Mərkəzi Bankın sədri qeyd edib.
Mənbə: anews.az