Image

Lerikdə 40 min sakinin istifadə etdiyi yolların asfaltlanması təklif olunur

Deputat Vasif Qafarov Lerik rayonunda bir neçə kənd yolunun asfaltlanması üçün gələn ilin dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib. O bildirib ki, bu yolların yararsız vəziyyətdə olması təxminən 40 min sakinin gündəlik həyatına, təhsil və səhiyyə xidmətlərinə çıxışına, fermerlərin məhsullarını bazara çatdırmasına və turizmin inkişafına mane olur.

Deputat Noda-Əliabad-Gürdəsər-Nücü-Vamazğon, Piran-Veri, Piran-Bürsülüm, 40-cı km-Əliabad və Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının asfaltlanmasının vacibliyini vurğulayıb.

“Bu layihələrin həyata keçirilməsi qeyd olunan ərazilərdə turizmin inkişafına, yeni iqtisadi imkanların yaranmasına, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına və həmin kəndlərdə yaşayan 40 min nəfərə yaxın vətəndaşın sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcək”, – o bildirib.

Vasif Qafarovun sözlərinə görə, sadalanan yol layihələrinin layihə-smeta sənədləri bir neçə il əvvəl hazırlanaraq investisiya proqramına daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim olunub. Lakin layihələrin icrası hər il növbəti illərə təxirə salınır.

Deputat hökumətə müraciət edərək yolların asfaltlanması üçün növbəti ilin dövlət büdcəsində müvafiq maliyyə vəsaitinin ayrılmasını xahiş edib.

Qafarov çıxışında Lerikdə qazlaşdırılmayan kəndlərin enerji təminatı məsələsini də qaldırıb. O bildirib ki, ölkə üzrə qazlaşdırma səviyyəsi 97 faizə çatsa da, qazlaşdırılmayan 900 kəndin 101-i Lerik rayonunun payına düşür.

Deputat qeyd edib ki, Lerik və Astara kimi dağlıq sərhəd rayonlarında qış uzun çəkir, əhali ilin 8-9 ayı istilik enerjisinə ehtiyac duyur. Təbii qazın olmaması ailələrin üzərinə əlavə maliyyə yükü qoyur, alternativ yanacaq kimi odun tədarükü isə meşə fonduna mənfi təsir göstərir.

“Əsas hədəfimiz ölkə üzrə qazlaşdırma səviyyəsini 100 faizə çatdırmaq olmalıdır. Lakin bu hədəfə nail olanadək, qazlaşdırılmayan kəndlərin əhalisi üçün alternativ güzəşt mexanizmlərinin tətbiqini vacib hesab edirəm. Bu məqsədlə təklif edirəm ki, həmin kəndlərdə yaşayan abonentlər üçün güzəştli elektrik enerjisi limitinin mövcud həddən 3 dəfə artırılması məsələsinə baxılsın”, – deputat bildirib.

O əlavə edib ki, bu addım dağ kəndlərində yaşayan ailələrin enerji xərclərini azalda və sosial təminat fərqini aradan qaldırmağa kömək edə bilər.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda restoran yanır

Sabah hava yağmursuz olacaq