Image

"İranda hərbi və dini elita arasında ziddiyyət artır, Zərif buna görə istefa verdi" - AÇIQLAMA

Ötən günlərdə İranın keçmiş xarici işlər naziri və İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Məhəmməd Cavad Zərifin istefa verməsi hələ də müzakirə olunur. Analitiklər sözügedən addımla bağlı müxtəlif versiyalar irəli sürürlər.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın ilk çətin sınağı elə öz səlahiyyətinin icrasına başladığı gün yaşanıb:

“Andiçmə mərasiminə qatılmaq üçün Tehrana gələn HƏMAS lideri İsmayıl Haniyyə sui-qəsdin qurbanı oldu. İran hadisə ilə bağlı İsraili ittiham edir. SEPAH və ona yaxın olanlar sərt xətti, Pezeşkian və komandası isə dialoq yolunu təklif edirlər. Dialoqu təklif edən isə məhz Məhəmməd Cavad Zərif idi. Zərif hələ Həsən Ruhaninin dövründə xarici işlər naziri vəzifəsində çalışdığı zamanda da İranın Qərblə dialoqunu dəstəkləyirdi. Məhz buna görə onun SEPAH-a bağlı Qüds qüvvələrinin komandanı Qasım Süleymani ilə münasibətləri pisləşmişdi. Baş diplomatla generalın münasibətində vəziyyət o həddə çatmışdı ki, ali dini lider Ayətullah Əli Xamenei rezident Həsən Ruhanidən xarici siyasətlə bağlı məsələləri korrektə etməsini istəmişdi. SEPAH-ın İran daxilində və Yaxın Şərqdə qurduğu geniş biznes imperiyası nəticəsində güclü maliyyə əldə etməsi İrandakı dini rejimin getdikcə öz yerini hərbi rejimə verməsi ilə nəticələnə bilər. Fakt budur ki, artıq kifayət qədər yaşlı olan dini elita nüfuz savaşında hərbçilərə uduzur. Cavad Zərifin təyinatı SEPAH-ın ciddi narazılığına səbəb olmuşdu. Onlara məxsus olan media qurumları Zərifi uğursuzluqda ittiham edirdilər. Eyni zamanda Prezident Pezeşkiana da güclü təzyiq edilirdi. Dövlət başçısının bir müddət əvvəl  “Məni işləməyə qoymurlar” ifadəsi ilə kimə işarə vurduğu da aydın idi”.

Siyasi şərhçi bildirib ki, əslində dini liderə Pezeşkianın prezident olması sərf edirdi:

“Bu yolla o, hərbi elitanı prezidentlə nüfuz savaşına salaraq hər iki tərəfi zəiflətmək və teokratik hakimiyyətin qorunub saxlanmasına nail olmaq istəyirdi. Güc hələ ki SEPAH-ın əlindədir. Haniyyənin öldürülməsindən sonra qarışıqlıqdan istifadə edən hərbi elita Cavad Zərifi aradan götürə bildi. Bu istefa onu göstərir ki, Məsud Pezeşkian İran tarixində səlahiyyətini ən çətin formada icra etmiş prezidentlərdən biri olacaq. Xüsusilə yeni hökumətin qurulması ilə bağlı onu çox böyük çətinliklər gözləyir. Parlamentə təsdiq üçün təklif olunan yeni nazirlər içərisində diqqəti çəkən şəxs isə xarici işlər nazirliyinə namizəd göstərilən Abbas Əraqçidir. Əraqçi Məhəmməd Cavad Zəriflə yaxın münasibətlərə malikdir, onun vasitəsilə Pezeşkianın komandasına daxil edilmişdi. O da Zərif kimi İranın Çin və Rusiya ilə arasında məsafə qoyması və Qərblə dialoqa başlaması barədə çağırışlar edir. Görünən budur ki, İran hazırda prezident və hərbi elita arasında siyasi mübarizənin meydanına çevrilib. Xameneinin öz gücündən istifadə edərək tərəflər arasında balansı qoruyacağı və vəziyyətin çox da nəzarətdən çıxmasına imkan verməyəcəyi aydın məsələdir”.

Xəbər lenti