Azərbaycan qızıl alışını artırır - İdxalın dəyəri 1 milyard dolları ÖTDÜ
Azərbaycan 2024-cü ildə Dövlət Neft Fondunun ehtiyatları üçün qızıl alışını artırıb.
Gundem.az xəbər verir ki, qızıl alışında artım 2024-cü ilin ikinci rübündə güclənib. Birinci rüb ərzində 2,8 ton qızıl alınmışdısa, ilin ikinci rübündə daha 10,3 ton qızıl alınıb. Qızıl idxalının artması özünü gömrük məlumatlarında da göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul ayları ərzində “Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr” adlı mal qrupu üzrə idxalın dəyəri 1 milyard 78 milyon dolları ötüb. Bu qədər vəsaitin 1 milyard dollardan çox olan hissəsi xalis qızılın alışına yənəldilib.
Qızıl üçün ödənən məbləğ ümumi idxalın 10 faizinə bərabər olub. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”na əsasən Neft Fondu investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri qızıla investisiya edilə bilər. Son alışların ardından Neft Fondunun investisiya portfelində qızılın payı 15 faizə çatıb. (Sfera.az)
Mənbə: gundem.az