Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür - FOTO
Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Qara Qarayevin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Qara Əbülfəz oğlu Qarayev 1918-ci ilin bu günü, yəni fevralın 5-də Bakıda pediatr Əbülfəz Qarayevlə və Sona xanım İskəndər qızının ailəsində dünyaya gəlib. Onun ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur ailələrindən birinin nümayəndəsi olub.
Qara Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olub.
Qarayev 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb.
SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlandırılıb, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olub.
Q.Qarayevin 1953-cü ildə Leninqrad Dövlət Kiçik (“Malıv) opera Teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub.
1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif edilib. Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub. Onların Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib.
O, öz həyat yoldaşını çox sevir, başa düşür və etibar edirdi. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri - prelyüdiya lya majoru Qarayev yuxuda eşitmiş, səhər isə qələmə alaraq Tatyanaya bəxş edib.Qara Qarayevin uşaqlıq və gənclik illəri Məhəmməd Füzuli küçəsi (indiki Nizami küçəsi) 47-də yerləşən mənzildə keçib.
Qara Qarayev Moskvada təhsil aldığı dövrdə isə Lesnaya küçəsi 43 ünvanındakı 7 saylı mənzildə yaşayıb.
Xalq artisti 1982-ci il mayın 13-də Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.
BAKU.WS