Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Azərbaycan xalqı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir. BAKU.WS report-a istinadən xəbər verir ki, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sıravi vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar. Qeyd edək ki, Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. BAKU.WS



Mənbə: baku.ws