Bəzi kitabxanaların oxucu statistikası reallığı əks etdirmir - nazir müavini
Bəzi kitabxanalarda real oxucu sayı ilə rəsmi statistik göstəricilər arasında ciddi fərqlər müşahidə olunur. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir müavini qeyd edib ki, hazırda kitabxanaların fəaliyyətində real nəticələrdən daha çox statistik göstəricilərə əsaslanan yanaşma hiss olunur və bu, müəyyən mənada mövcud normativ-hüquqi çərçivədən qaynaqlanır.
Onun sözlərinə görə, kitabxanaların kateqoriyalara bölünməsi və həmin kateqoriyaların əməkhaqqı sisteminə təsir etməsi bu sahədə müəyyən problemlər yaradır.
"Kitabxanalar kateqoriyalara bölünüb və bu kateqoriyaların əhəmiyyəti əsasən həmin kateqoriyalara daxil olan kitabxana filialları və bölmələrinin əməkhaqqının tənzimlənməsi ilə bağlıdır. Kateqoriyalar artdıqca əməkhaqları da artır. Bir çox hallarda isə kateqoriyalar oxucu sayı əsasında müəyyənləşdirilir", – o bildirib.
Nazir müavini vurğulayıb ki, bu yanaşma bəzi hallarda statistik göstəricilərin reallığı tam əks etdirməməsinə səbəb olur.
"Həmkarlarımızın fəaliyyətinə kölgə salmadan qeyd edə bilərik ki, bir sıra kitabxanalarda real oxucu sayı ilə təqdim olunan statistik oxucu sayı arasında çox böyük uçurumun olduğunu görmüşük. Düşünürəm ki, tədbirdə iştirak edən şəxslər də müəyyən dövrlərdə bu hallarla rastlaşıblar", – nazir müavini əlavə edib.
O bildirib ki, kitabxana sistemində aparılan təhlillər və islahatlar çərçivəsində bu kimi məsələlərin də nəzərə alınması planlaşdırılır.
Gülnar Nazimqızı
Mənbə: anews.az