Image

Kitabxana fondlarının yenilənməsinə hər il 600 min manat xərclənir

Son üç ildə kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə nəşrlərin satın alınması üzrə xüsusi komissiya fəaliyyət göstərir və dövlət hər il bu məqsədlə təxminən 600 min manat vəsait ayırır. Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

"İstənilən nəşr mexaniki şəkildə kitabxana fondlarına daxil edilmir. Aparılan monitorinqlər göstərdi ki, bəzi hallarda fondlarda toplanan ədəbiyyatın cəmiyyət üçün faydalılığı sual doğurur. Buna görə də əsas prioritet elmi və elmi-kütləvi kitabların alınmasına verilib", -  nazir vurğulayıb.

Adil Kərimli qeyd edib ki, nazirlik nəşriyyatları və müəllifləri elmi ədəbiyyatın hazırlanmasına həvəsləndirir, həmçinin universitetlər və akademik təsisatlarla əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, dünyada elmi biliklər sürətlə yenilənir və Azərbaycan alimləri, tədqiqatçıları və tələbələrinin müasir monoqrafiyalara, dərsliklərə və digər elmi mənbələrə çıxışı təmin edilməlidir.

Nazir bildirib ki, zərurət yarandıqda xarici dillərdə nəşr olunan elmi ədəbiyyatın da orijinal formada kitabxanalara alınması vacibdir. O, xüsusilə tibb sahəsini nümunə göstərərək qeyd edib ki, yeni müalicə metodları və beynəlxalq protokollar haqqında ən aktual məlumatlara vaxtında çıxışın təmin edilməsi böyük əhəmiyyət daşıyır.

Adil Kərimli əlavə edib ki, Milli Kitabxana bu istiqamətdə müəyyən işlər görsə də, regionlarda fəaliyyət göstərən ictimai kitabxanaların da dünya elmi ədəbiyyatına çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 33 dərəcə isti olacaq