Emin Əmrullayev: Qərarlar şəxsi mülahizələrə deyil, tədqiqat nəticələrinə əsaslanmalıdır
Qərarların qəbul edilməsi şəxsi mülahizələrə deyil, elmi tədqiqatların nəticələrinə əsaslanmalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, istənilən mövzu üzrə müzakirələrin elmi araşdırmaların nəticələri əsasında aparılması şəxsi fikirlərə əsaslanan müzakirələrdən daha faydalıdır.
Onun sözlərinə görə, təqdim olunan tədqiqatın əsas üstünlüklərindən biri məsələlərə sistemli və nəzəri yanaşmanın tətbiq edilməsidir. Bu isə mövcud problemlərin daha ətraflı təhlilinə və müzakirələr üçün sağlam çərçivənin formalaşdırılmasına imkan yaradır.
Emin Əmrullayev vurğulayıb ki, tədqiqat nəticələrinin təhlili zamanı metodoloji məsələlərə xüsusi diqqət yetirilməlidir. O qeyd edib ki, sosial sorğularda əldə olunan göstəricilərin statistik baxımdan nə dərəcədə əhəmiyyətli olduğunun müəyyənləşdirilməsi düzgün qərarların qəbul olunması üçün vacibdir.
Nazir sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı nümunəyə də toxunaraq bildirib ki, müəyyən risklərin mövcudluğu barədə ehtimallar irəli sürməkdən daha vacibi həmin təsirlərin real nəticələrinin elmi şəkildə ölçülməsidir.
“Ən vacib məsələ odur ki, əldə olunan fərqlərdən yanlış nəticələr çıxarılmasın və bunun əsasında yanlış qərarlar qəbul edilməsin”, – Emin Əmrullayev əlavə edib.
Aytac
Mənbə: anews.az