Bakıda bu məktəb "Son zəng"ə xüsusi hazırlaşır
Bakı şəhəri 249 nömrəli tam orta məktəbin rəsmi sosial şəbəkə hesabında “Son zəng”ə xüsusi hazırlıqla bağlı paylaşım edilib. Paylaşımda qeyd olunub ki, 11-ci sinif şagirdləri “Son zəng həyəcanı” yaşayıb və onların sevincinə məktəbin direktoru da qoşulub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyunun 13-də keçirilməlidir. Agentliyin məlumatına görə, tədbir məktəbin həyətyanı sahəsində, belə imkan olmadıqda isə idman və ya akt zalında təşkil olunmalı, saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü isə intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
Təlimatda həmçinin bayağı musiqilərin səsləndirilməməsi, tədbirin Dövlət Himni ilə başlaması, şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, rəsmi və bədii hissənin milli-mənəvi dəyərlərə uyğun hazırlanması tələb olunur. Məktəbin paylaşımında isə bildirilib: “Rənglərlə, gülüşlərlə və xoş emosiyalarla yadda qalan bu gün məzunlarımız üçün unudulmaz xatirələrə çevrildi...”,- paylaşımda deyilir. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib. 249 nömrəli tam orta məktəbin direktoru Kəmalə Şıxlınskıyadır
. Gülnar Nazimqızı










Mənbə: anews.az