Image

Qanunun həyatda uğur qazanması üçün ən vacib amil böyük ictimai dəstəkdir - deputat

Azərbaycanda müzakirə olunan yeni qanun layihəsinə əsasən, 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə fərdi hesab açması qadağan edilə bilər, 16-18 yaş arası yeniyetmələrin isə sosial media platformalarında qeydiyyatdan keçməsi üçün valideyn razılığı tələb olunacaq.

Layihə Milli Məclisdə müzakirə olunur və rəqəmsal mühitdə uşaqların müdafiəsini gücləndirməyi hədəfləyir.

Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc moderator.az saytına bildirib ki, qanunvericilik təşəbbüsü dövlət qurumları, təhsil və səhiyyə sektoru nümayəndələri, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə müzakirə olunub.

Onun sözlərinə görə, təhsil müəssisələrinin nümayəndələri sosial media istifadəsinin uşaqların davranışlarına təsirinin məktəblərdə artıq hiss olunduğunu bildiriblər.

Layihə sosial media platformalarına yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində son illərdə müxtəlif ölkələrdə qəbul edilən tədbirlərlə paralellik təşkil edir. Oruc qeyd edib ki, sənəd hazırlanarkən Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya və ABŞ-ın təcrübələri öyrənilib.

Qanun layihəsinin tərəfdarları hesab edirlər ki, təşəbbüs uşaqların onlayn təhlükələrdən qorunmasına, ailədaxili ünsiyyətin gücləndirilməsinə və psixoloji rifahın yaxşılaşdırılmasına xidmət edə bilər.

Tənqidçilər isə bəzi ölkələrdə olduğu kimi belə məhdudiyyətlərin tətbiqi zamanı ifadə azadlığı, şəxsi məlumatların qorunması və yaşın təsdiqlənməsi mexanizmləri ilə bağlı hüquqi və texniki çətinliklərin yarana biləcəyini bildirirlər.

Zahid Oruc vurğulayıb ki, qanunun effektiv işləməsi üçün yalnız texniki nəzarət və cərimə mexanizmləri deyil, həm də ictimai dəstək vacibdir.

Son illərdə bir sıra ölkələr uşaqların sosial media istifadəsinə dair qaydaları sərtləşdirib.

Avstraliya 16 yaşdan aşağı istifadəçilərin müəyyən sosial media platformalarına çıxışını məhdudlaşdıran qanun qəbul edib.

Fransa yeniyetmələrin sosial şəbəkələrə qoşulması üçün valideyn razılığı mexanizmlərini gücləndirib.

İspaniya və Böyük Britaniya isə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı platformaların öhdəliklərini artıran hüquqi çərçivələr hazırlayıblar.

Müxtəlif beynəlxalq araşdırmalar sosial media istifadəsinin artması ilə yeniyetmələr arasında psixoloji problemlər, yuxu pozuntuları və diqqət çatışmazlığı arasında əlaqə olduğunu göstərsə də, alimlər bu təsirlərin miqyası və səbəb-nəticə əlaqələri barədə yekdil mövqedə deyillər.

Azərbaycan hökuməti layihəni uşaqların rəqəmsal təhlükəsizliyinin artırılması istiqamətində addım kimi təqdim edir. Qanun layihəsinin parlamentdə müzakirələri davam edir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib