Image

Mal əti üzrə özünütəminetmə səviyyəsi 100%-ə çatdırılacaq

Azərbaycanda heyvandarlıq sektorunda süd istehsalının 10% artırılması nəzərdə tutulur. Bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisdə çıxışı zamanı deyib.

O bildirib ki, eyni zamanda cins heyvanların ümumi sürüdə payının hazırkı 2,5%-dən 10%-ə çatdırılması hədəflənir.

Hüseynovun sözlərinə görə, bu tədbirlər nəticəsində süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin 81%-dən 94%-ə, mal əti üzrə isə 83,7%-dən 100%-ə yüksəlməsi gözlənilir.

Bu məqsədlə hökumət kəsimxanalarda kəsilən iribuynuzlu heyvanlara və emala yönləndirilən südə məhsul subsidiyalarının verilməsini, həmçinin vergi və gömrük güzəştlərinin tətbiqini nəzərdən keçirir.

Qoyunçuluq sektorunda da istehsalın genişləndirilməsi planlaşdırılır. Dövlət Proqramına əsasən, 2030-cu ilədək qoyunçuluq məhsullarının istehsalının 9% artırılması və özünütəminetmə səviyyəsinin 94,2%-dən 100%-ə çatdırılması hədəflənir.

Rəşad Hüseynov bildirib ki, bu məqsədlə intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, avadanlıq subsidiyaları, həmçinin yun və dəri məhsulları üçün yeni dəstək mexanizmləri tətbiq olunacaq.

Proqram çərçivəsində heyvandarlığın yem bazasının gücləndirilməsi də nəzərdə tutulur. Bunun üçün 480 min hektar əkin və otlaq sahəsinin bərpasının təşviq edilməsi və həmin torpaqlara subsidiya ayrılması planlaşdırılır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb