Image

Azərbaycan kənd təsərrüfatında regional ixtisaslaşmanı gücləndirməlidir – deputat

Dövlətin aqrar siyasətində əsas istiqamətlərdən biri kənd təsərrüfatının ixtisaslaşdırılması olmalıdır. Bunu deputat Ziyad Səmədzadə deyib. 

O qeyd edib ki, hər bir iqtisadi rayonun təbii-iqlim xüsusiyyətlərinə uyğun məhsul istehsalı müəyyən edilməli, bu istiqamət konkret hədəflər və göstəricilərlə dəstəklənməlidir.

Deputat xatırladıb ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda kənd təsərrüfatı məhsullarının yerləşdirilməsi və ixtisaslaşması üzrə hazırlanmış sxemlər yüksək nəticələr verib.

Onun fikrincə, müasir dövrdə də iqtisadi rayonlar üzrə ixtisaslaşmanın müəyyənləşdirilməsi həm məhsuldarlığın, həm də regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə xidmət edəcək.

Akademik ənənəvi kənd təsərrüfatı sahələrinin, xüsusilə çayçılığın inkişaf perspektivlərinə də toxunaraq bildirib ki, Lənkəran-Astara iqtisadi rayonunun mövcud potensialından daha səmərəli istifadə olunmalıdır.

O vurğulayıb ki, hər bir məhsul yalnız onun becərilməsi üçün əlverişli olan ərazilərdə inkişaf etdirilməlidir.

 Onun sözlərinə görə, kənd təsərrüfatında yüksək nəticələrin əldə olunması üçün elmi-tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi və bu sahəyə ayrılan vəsaitlərin artırılması zəruridir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti