Azərbaycan Portuqaliyada yeni səfirlik açır
Azərbaycanın Portuqaliyada diplomatik təmsilçiliyinin yaradılması iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bunu deputat Samir Vəliyev Milli Məclisdə Azərbaycanın Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun müzakirəsi zamanı bildirib.
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.
Deputatın sözlərinə görə, səfirliyin fəaliyyətə başlaması Azərbaycan-Portuqaliya münasibətlərinin yeni mərhələyə keçməsinə şərait yaradacaq.
“Bu addım siyasi dialoqun intensivləşməsinə, iqtisadi-ticari əlaqələrin genişlənməsinə, investisiya, enerji, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək”, – Vəliyev deyib.
O qeyd edib ki, diplomatik nümayəndəliyin yaradılması parlamentlərarası əməkdaşlığın inkişafı baxımından da əhəmiyyətlidir.
“Azərbaycan Milli Məclisi ilə Portuqaliya Respublikası Assambleyası arasında əlaqələrin genişlənməsi, parlamentlərarası əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsi və gələcəkdə dostluq qrupunun yaradılması münasibətlərə əlavə təkan verə bilər”, – deputat bildirib.
Vəliyevin fikrincə, belə bir mexanizm qanunverici orqanlar arasında birbaşa dialoqun güclənməsinə, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişlənməsinə imkan yaradacaq.
Onun sözlərinə görə, səfirliyin açılması Portuqaliyada yaşayan Azərbaycan vətəndaşları üçün də mühüm praktiki əhəmiyyət daşıyacaq.
“Səfirliyin təsis edilməsi Portuqaliyada yaşayan Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasına, konsulluq xidmətlərinin daha operativ və səmərəli təşkilinə imkan verəcək”, – deputat bildirib.
Gülnar Nazimqızı
Mənbə: anews.az