Konvensiya gəmilərdə təhlükəli örtüklərin istifadəsini məhdudlaşdırır
“Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya” nın əsas məqsədi gəmilərin gövdələrində istifadə olunan, dəniz ekosisteminə zərər verən örtük sistemlərinin istifadəsinə nəzarət etmək, təhlükəli maddələrin tətbiqini məhdudlaşdırmaq və ekoloji cəhətdən təhlükəsiz alternativlərin istifadəsini təşviq etməkdir. Bunu deputat Sadiq Qurbanov deyib.
Qurbanov qeyd edib ki, keçmişdə gəmilərdə istifadə olunan bəzi kimyəvi maddələr dəniz canlılarına və biomüxtəlifliyə ciddi zərər vurub.
“Bu maddələr su hövzələrində yaşayan canlı orqanizmlərə mənfi təsir göstərib, biomüxtəlifliyin azalmasına və dəniz ekosistemlərinin pozulmasına səbəb olub. Məhz buna görə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən vahid standartların tətbiqinə ehtiyac yaranıb”, – deputat vurğulayıb.
Onun sözlərinə görə, konvensiya çərçivəsində ətraf mühit üçün təhlükəli örtük sistemlərinin qadağan edilməsi, ekoloji təhlükəsiz alternativlərin tətbiqi, gəmilərin sertifikatlaşdırılması, liman nəzarətinin gücləndirilməsi və beynəlxalq məlumat mübadiləsinin təşviqi nəzərdə tutulur.
“Bu tələblər yalnız dəniz mühitinin qorunmasına deyil, həm də beynəlxalq dəniz daşımalarında şəffaflığın və bərabər rəqabət şəraitinin təmin edilməsinə xidmət edir”, – Qurbanov bildirib.
Deputat əlavə edib ki, Azərbaycan konvensiyanın ratifikasiyasından əvvəl də bu sahədə məsuliyyətli yanaşma nümayiş etdirib.
“Azərbaycan Xəzər dənizində fəaliyyət göstərən gəmilərdə tətbiq olunan örtük sistemlərinə xüsusi diqqət yetirib və ətraf mühitə zərər verən maddələrin istifadəsinin məhdudlaşdırılması istiqamətində konvensiyanın prinsiplərinə uyğun addımlar atıb”, – o deyib.
Gülnar Nazimqızı
Mənbə: anews.az