Məcburi köçkünlərin mənzil hüquqlarının bərpası üçün yeni hüquqi mexanizmlər yaradılır
Azərbaycanda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasının və mülkiyyət hüquqlarının təmin edilməsinin hüquqi əsaslarının gücləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər təklif olunur. Bunu Milli Məclisdə müvafiq qanun layihələrinin müzakirəsi zamanı deputat Musa Quliyev bildirib.
Deputat qeyd edib ki, məcburi köçkünlərin sosial müdafiəsi uzun illər dövlət siyasətinin əsas prioritetlərindən biri olub.
“Məcburi köçkün soydaşlarımızın problemlərinin həlli bütün dövrlərdə Azərbaycan dövlətinin və cəmiyyətinin xüsusi diqqət mərkəzində olub. Bu məsələ Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində saxlanılıb”, – Quliyev deyib.
Onun sözlərinə görə, 2004–2019-cu illərdə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Prezident tərəfindən 75 fərman və sərəncam imzalanıb, Milli Məclis 11 qanun qəbul edib, Nazirlər Kabineti isə 224 qərar və sərəncam verib.
Deputat bildirib ki, həmin dövrdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 121 yeni qəsəbə və yaşayış kompleksi inşa edilib.
“Nəticədə 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 mindən artıq insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb”, – o qeyd edib.
Quliyev vurğulayıb ki, torpaqların işğaldan azad edilməsindən sonra dövlət siyasətinin əsas istiqaməti keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunmasıdır.
“44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Böyük Qayıdış proqramının icrası çərçivəsində son dörd ildə dövlət büdcəsindən təxminən 28 milyard manat vəsait ayrılıb”, – deputat bildirib.
Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində daimi məskunlaşma təmin edilib və bölgədə 85 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Deputat qeyd edib ki, təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mənzil hüquqlarının tam bərpasına xidmət edir.
“Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər nəticəsində işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq”, – Quliyev deyib.
O bildirib ki, qanun layihəsi məcburi köçkün statusunun dayandırılması hallarını da dəqiqləşdirir.
“Yeni qaydalara əsasən, şəxsə əvvəlki yaşayış yerinin əvəzinə dövlət tərəfindən yaşayış sahəsi təqdim edildikdə onun mənzil hüququ bərpa olunmuş hesab ediləcək. Eyni zamanda, dövlət tərəfindən təklif olunan yaşayış yerindən imtina edən şəxslər də məcburi köçkün statusunu itirəcəklər”, – deputat vurğulayıb.
Quliyevin sözlərinə görə, statusun dayandırılması güzəşt və imtiyazların dərhal ləğvi demək deyil.
“Keçmiş məcburi köçkünlərin sosial təminat tədbirləri və güzəştləri müəyyən keçid dövrü ərzində saxlanılacaq. Bu yanaşma onların yeni yaşayış mühitinə uyğunlaşmasına, sosial inteqrasiyasına və məşğulluğunun təmin edilməsinə əlavə dəstək vermək məqsədi daşıyır”, – o bildirib.
Deputat əlavə edib ki, qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qaytarılmasını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Bu məqsədlə 2022-ci ildə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı təsdiqlənib və bölgədə yaşayış məntəqələrinin, sosial infrastrukturun və iqtisadi fəaliyyətin bərpası istiqamətində geniş layihələr həyata keçirilir.
Gülnar Nazimqızı
Mənbə: anews.az