AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
AZAL-a məxsus Bakı–Naxçıvan marşrutu üzrə J2-285 və J2-291 nömrəli reysləri yerinə yetirən təyyarələr əlverişsiz hava şəraiti səbəbindən Bakıya geri qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bölgədə müşahidə olunan ildırımlı hava və dolu səbəbindən təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq saat 21:27 və 21:32-də eniş edib.
Şirkət bildirib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Sərnişinlər mümkün dəyişikliklər barədə məlumatlandırılacaq, hava şəraiti normallaşdıqdan sonra isə reyslər plan üzrə bərpa olunacaq.
AZAL-ın məlumatına görə, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların qrafikinə təsir göstərib. Bildirilib ki, Naxçıvanın dağlıq relyefi və dəyişkən meteoroloji şəraiti, o cümlədən güclü külək və məhdud görmə məsafəsi uçuş əməliyyatlarına birbaşa təsir edir.
Şirkət qeyd edib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava şəraitinə uyğun operativ qərarlar qəbul olunur.
Mənbə: anews.az