Bu gün Azərbaycanda “Son zəng”dir
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu tədris ilində ölkə üzrə 116 550 şagird məktəbi bitirir. Məzunlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə “Son zəng” çalınacaq. Həmin ərazilərdə fəaliyyət göstərən ümumilikdə 25 ümumi təhsil müəssisəsində keçiriləcək tədbirlərdə 171 məzun məktəblə vidalaşacaq.
"Son zəng” tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil edilir. Həyətyanı sahəsi olmayan məktəblərdə isə tədbir idman və ya akt zallarında keçirilir. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə “Son zəng” tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Mənbə: anews.az