FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Nazirlikdən verilən məlumata görə, bəzi hallarda çimərliklərdə müəyyən edilmiş təhlükəsizlik tələbləri pozulur.
FHN bildirib ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal və çaylarda çimmək, müəyyən edilmiş sərhədlərdən kənara üzmək, küləkli hava şəraitində dənizə daxil olmaq, sərxoş vəziyyətdə çimərlikdə olmaq və suda təhlükəli davranışlar sərgiləmək qadağandır.
Nazirlik həmçinin uşaqların nəzarətsiz buraxılmamasını, xəbərdaredici nişanlara və xilasedicilərin göstərişlərinə əməl olunmasını tövsiyə edib.
Məlumatda qızmar günəş altında uzun müddət qalmağın və hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün risk yaratdığı qeyd olunub.
Mənbə: anews.az