Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
Azərbaycanın bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıb.
Məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər erməni əsilli təqsirləndirilən şəxslərin azad edilməsi, həmçinin Azərbaycana münasibətdə 907-ci düzəlişin qüvvədə saxlanılması ilə bağlı Komitəyə təqdim etdiyi təşəbbüsə etiraz ifadə olunub.
Müraciətdə bildirilib ki, Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan qanunvericiliyi çərçivəsində müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurlar. Məktub müəlliflərinin fikrincə, Azərbaycanın bu cinayətləri araşdırmaq və təqsirli bilinən şəxsləri mühakimə etmək hüququ var.
Qeyd olunub ki, sözügedən məhkəmə prosesləri açıq keçirilib və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin olunması üçün zəruri şərait yaradılıb.
Məktubda həmçinin vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh prosesinin irəlilədiyi bir dövrdə bu cür təşəbbüslər mövcud müsbət dinamikanı zəiflədə bilər.
“ABŞ Prezidenti Donald Trampın administrasiyası Azərbaycan və Ermənistan arasında dialoq və normallaşma prosesini dəstəklədiyi halda, bu təşəbbüs həmin səylərlə uzlaşmır və əldə olunan irəliləyişə mənfi təsir göstərə bilər”, - müraciətdə deyilir.
Məktub müəllifləri əlavə ediblər ki, davamlı sülhün təmin olunması üçün ədalət, hesabatlılıq və barışıq prinsipləri paralel şəkildə irəliləməlidir.
Mənbə: anews.az