Image

Regionlarda ilkin tibbi yardımın vəziyyəti acınacaqlıdır - deputat

Azərbaycanda bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmətin səviyyəsi hələ də ciddi problemlərdən biri olaraq qalır. Bu barədə Milli Məclisdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov bildirib.

“Böyük şəhərlərdə bu istiqamətdə xeyli işlər görülür. Amma demək olmaz ki, bütün problemlər həll olunub. Hətta bəzi ilkin tibbi xidmət müəssisələrində böyük növbələrlə rastlaşırıq. Bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi yardım göstərə biləcək məntəqələrin vəziyyəti isə ürəkaçan deyil”, - deputat vurğulayıb.

Əmiraslanov qeyd edib ki, bu məsələ parlamentdə dəfələrlə qaldırılıb və vaxtilə problemin həlli üçün pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

“Bərdədə belə bir layihə var idi. Başlanğıcda işlər yaxşı gedirdi, lakin təəssüf ki, son vaxtlar bu sahədə ciddi irəliləyiş müşahidə olunmur”, – o bildirib.

Deputatın sözlərinə görə, məsələ ilə bağlı TƏBİB rəhbərliyi ilə keçirilən görüşdə də fikirlərini çatdırıb.

“TƏBİB-in rəhbəri ilə görüşümüz oldu və bu məsələləri müzakirə etdik. Mən ilkin olaraq regionlarda modul tipli tibb müəssisələrinin yaradılmasının və onların sayının artırılmasının sürətləndirilməsinin vacibliyini vurğuladım”, - Əhliman Əmiraslanov əlavə edib.

Gülnar Nazimqızı 

Deputat hesab edir ki, bölgələrdə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: anews.az

Xəbər lenti