Image

65 yaşdan yuxarı həkimlər rayonlarda işləməyə davam edə biləcəklər

Azərbaycanda ümumilikdə həkim qıtlığı yoxdur, əsas problem tibb mütəxəssislərinin böyük şəhərlərdə cəmləşməsi ilə bağlıdır. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, ölkədə həkimlərin sayı kifayət qədər olsa da, regionlarda, xüsusilə rayonlarda tibb kadrlarına ehtiyac qalmaqdadır.

“Azərbaycanda həkim qıtlığı yoxdur. Sadəcə, həkimlərin əksəriyyəti böyük şəhərlərdə toplaşıb. Problemin mahiyyəti regionlarda həkim çatışmazlığının mövcud olmasıdır”, - deputat bildirib.

Əmiraslanov qeyd edib ki, bu problemin həlli istiqamətində müvafiq dövlət qurumları ilə müzakirələr aparılır.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və TƏBİB ilə rayonlarda fəaliyyət göstərən həkimlərin sayının artırılması üçün müxtəlif mexanizmlər nəzərdən keçirilir.

Deputat bildirib ki, müzakirə olunan təkliflərdən biri də regionlarda çalışan və ya çalışa biləcək 65 yaşdan yuxarı həkimlərin fəaliyyətini davam etdirməsinə imkan yaradılmasıdır.

“Rayonlarda yaşı 65-dən yuxarı olan həkimlərin fəaliyyətini davam etdirməsini mümkün etmək istəyirik. Bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır”, - Əhliman Əmiraslanov vurğulayıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti