Image

Deputat: ilkin səhiyyə və profilaktik tədbirlərə ayrılan vəsaitlərin artırılmasına ehtiyac var

İlkin səhiyyə xidmətlərinin genişləndirilməsinə ehtiyac var. Bunu deputat Soltan Məmmədov Milli Məclisdə çıxışı zamanı deyib. 

“Profilaktik tədbirlərə və ilkin səhiyyə xidmətlərinə ayrılan vəsaitlərin artırılması ümumi səhiyyə xərclərinin artımının qarşısını almağa, eyni zamanda səhiyyə sisteminin yüklənməsini azaltmağa xidmət edir. Bu baxımdan gələcəkdə bu istiqamətdə islahatların daha da dərinləşdirilməsinə ehtiyac var”, – deputat qeyd edib.

Soltan Məmmədov 2025-ci ilin dövlət büdcəsində sümük iliyi transplantasiyası əməliyyatlarının icrası üçün 5 milyon manat vəsait ayrılmasını müsbət qiymətləndirib.

Onun sözlərinə görə, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün bu əməliyyatların əhəmiyyəti böyükdür və son illər həm ölkə xaricində, həm də ölkə daxilində bu xidmətlərin göstərilməsi istiqamətində mühüm addımlar atılıb.

Deputat bildirib ki, dövlət və özəl tibb müəssisələrində sümük iliyi transplantasiyası əməliyyatlarının həyata keçirilməsi təqdirəlayiq olsa da, bu sahədə əlavə tədbirlərə ehtiyac qalır.

“Kadr potensialının genişləndirilməsi, sümük iliyi donor bankının yaradılması və əməliyyatların yalnız birinci dərəcəli uyğun donorlarla məhdudlaşdırılmasının aradan qaldırılması vacib məsələlərdəndir”, – o deyib.

Soltan Məmmədov əlavə edib ki, səhiyyə sahəsində uğurla icra olunan dövlət proqramlarının nəticələri nəzərə alınaraq, irsi və nadir xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə ayrılan maliyyə dəstəyinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb