Image

Azərbaycanda startapların maliyyələşdirilməsi üçün yeni hüquqi çərçivə: imkanlar və risklər

Azərbaycanda startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını genişləndirmək məqsədilə yeni qanunvericilik təşəbbüsləri hazırlanıb. Paket vençur fondlarının, kraudfandinq platformalarının və müasir investisiya alətlərinin fəaliyyətinin hüquqi əsaslarının yaradılmasını nəzərdə tutur.

Təşəbbüslər çərçivəsində Əmək və Mülki məcəllələrə, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihələri hazırlanıb. Bununla yanaşı, səhm və borc əsaslı maliyyələşməni tənzimləyən ayrıca “Kraudfandinq haqqında” qanun layihəsi də paketə daxil edilib.

Təklif olunan dəyişikliklər startaplara bank kreditlərindən əlavə vençur kapitalı, kraudfandinq, konvertasiya edilən borc müqaviləsi və SAFE kimi alətlər vasitəsilə maliyyə cəlb etmək imkanı yaratmalıdır. Eyni zamanda investor hüquqlarının qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi və xarici kapitalın ölkəyə cəlb edilməsi üçün hüquqi və maliyyə prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

Qanunvericilik paketində vençur kapitalı fondu, peşəkar investor və akkreditə olunan  investor anlayışlarının hüquqi dövriyyəyə daxil edilməsi təklif olunur. Vençur fondlarının fəaliyyətinin sadələşdirilmiş qeydiyyat və ya lisenziyalaşdırma rejimi əsasında tənzimlənməsi planlaşdırılır.

Təklif olunan mexanizmlərin əhəmiyyətini qiymətləndirmək üçün startapların hazırda maliyyə cəlb edərkən üzləşdiyi əsas çətinliklərə nəzər salmaq lazımdır.

Bank krediti startap üçün niyə kifayət etmir?

Ənənəvi bank maliyyələşməsi sabit gəliri, girovu və kredit tarixçəsi olan bizneslər üçün daha münasibdir. Startapların isə ilk mərhələdə çox vaxt nə sabit gəliri, nə də girov göstərə biləcəyi əmlakı olur. Üstəlik, belə şirkətlərin sürətlə inkişaf etmək potensialı ilə yanaşı, uğursuzluq riski də yüksəkdir.

Bu səbəbdən startapların maliyyələşdirilməsində investorun şirkətə sadəcə borc verməsi deyil, onun gələcək inkişaf riskini sahibkarla bölüşməsi daha uyğun mexanizm hesab olunur. Vençur kapitalı, SAFE müqavilələri, konvertasiya edilən borclar və səhm əsaslı kraudfandinq məhz bu ehtiyacdan yaranıb.

Yeni paketdə konvertasiya edilən borc müqaviləsi və SAFE — gələcək iştirak payı haqqında müqavilə — kimi maliyyə alətlərinə dair müddəaların Mülki Məcəlləyə daxil edilməsi nəzərdə tutulur.

Konvertasiya edilən borc investora ilkin mərhələdə startapa borc formasında vəsait yatırmağa, sonradan isə həmin vəsaiti şirkətdə paya və ya səhmə çevirməyə imkan verir. SAFE müqaviləsi isə investorun yatırdığı vəsaitin gələcək investisiya raundunda şirkətdə iştirak payına çevrilməsini nəzərdə tutur.

Bu mexanizmlər investora startapa erkən mərhələdə pul yatırmağa, şirkətin dəqiq dəyərinin müəyyənləşdirilməsini isə sonrakı investisiya mərhələsinə saxlamağa imkan verir.

Bu, xüsusilə ideyası və inkişaf potensialı olan, lakin bazar qiymətini dəqiq müəyyən etmək mümkün olmayan şirkətlər üçün vacibdir. Tərəflər şirkətin qiymətləndirilməsi ilə bağlı uzun danışıqlar aparmadan maliyyələşməni daha sürətli həyata keçirə bilərlər.

İnvestorların hüquqları daha aydın təsbit edilə bilər

Paketin mühüm hissələrindən biri investorların xüsusi hüquqlarının qanunvericilikdə tanınmasıdır. Birgə satış, məcburi satış, ilk imtina hüququ, ləğvetmə zamanı üstünlük və investisiyanın dəyərsizləşməsindən müdafiə kimi mexanizmlər inkişaf etmiş vençur bazarlarında investisiya müqavilələrinin standart elementləri hesab olunur.

Birgə satış hüququ azlıqda olan investora əsas səhmdarın öz payını satdığı zaman eyni şərtlərlə öz payını da satmaq imkanı verir. Məcburi satış mexanizmi isə müəyyən şərtlərlə digər səhmdarların da satış prosesinə qoşulmasını təmin edir.

Ləğvetmə zamanı üstünlük hüququ investorun şirkətin fəaliyyəti dayandırıldıqda və ya satıldıqda vəsaitini digər səhmdarlardan əvvəl geri almaq imkanını müəyyən edir. Dəyərsizləşmədən müdafiə mexanizmi isə sonrakı investisiya raundlarında şirkətin səhmləri daha aşağı qiymətə satıldıqda ilkin investorun payının qorunmasına xidmət edir.

Bu hüquqların Azərbaycan qanunvericiliyində aydın şəkildə təsbit edilməsi investorların yerli şirkətlərə sərmayə qoyarkən üzləşdiyi hüquqi qeyri-müəyyənliyi azalda bilər.

İndiyədək bəzi startaplar xarici investisiya cəlb etmək və investorlarla daha çevik müqavilələr bağlamaq üçün şirkətlərini başqa yurisdiksiyalarda qeydiyyatdan keçirməyə üstünlük verirdi. Yeni hüquqi baza düzgün tətbiq olunarsa, investisiya müqavilələrinin Azərbaycanda bağlanmasına marağı artıra bilər.

Lakin qanunda hüququn göstərilməsi onun avtomatik olaraq effektiv işləməsi demək deyil. Mübahisələr yarandıqda həmin müqavilələrin məhkəmələr tərəfindən necə şərh ediləcəyi, investor hüquqlarının nə qədər sürətlə təmin olunacağı və hüquqi icra mexanizmlərinin işləkliyi investorların qərarına birbaşa təsir edəcək.

Kraudfandinq kiçik investorları bazara gətirə bilər

“Kraudfandinq haqqında” qanun layihəsi startaplara, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə çoxsaylı investorlardan rəqəmsal platforma vasitəsilə vəsait cəlb etməyə imkan yaratmalıdır.

Layihədə Azərbaycanda səhm və borc əsaslı kraudfandinqin hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Səhm əsaslı kraudfandinq zamanı investor yatırdığı vəsait müqabilində şirkətdə pay əldə edir. Borc əsaslı kraudfandinq zamanı isə şirkət investorlardan borc cəlb edir və müəyyən müddətdən sonra həmin vəsaiti faizlə birlikdə qaytarır.

Bu mexanizm startaplara və kiçik bizneslərə bank krediti götürmədən daha geniş investor dairəsindən maliyyə cəlb etmək imkanı verə bilər. Eyni zamanda kiçik məbləğə malik fərdi investorların da startap layihələrinə sərmayə qoyması mümkün ola bilər.

Platformaların fəaliyyəti Mərkəzi Bankın nəzarəti altında olacaq. Operatorların Mərkəzi Bankın reyestrinə daxil edilməsi, fəaliyyət şərtlərinə uyğunluğu, təhlükəsizlik sistemləri, maraqlar münaqişəsinin qarşısının alınması və investorların müdafiəsinə yönələn daxili prosedurlar müəyyənləşdiriləcək.

Mərkəzi Bankın operatorların reyestrini aparmaq, uyğunluq və təhlükəsizlik tələblərinə nəzarət etmək, icrası məcburi göstərişlər vermək və zəruri hallarda platformaların fəaliyyətini dayandırmaq səlahiyyətinə malik olması nəzərdə tutulur.

Layihədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə tələblərinə uyğun olaraq müştərilərin tanınması, vəsaitlərin mənbəyinin yoxlanılması və əməliyyatların şəffaflığının təmin edilməsi mexanizmləri də əksini tapır.

Bu tələblər investorların müdafiəsi və bazara etimadın yaradılması baxımından vacibdir. Eyni zamanda tənzimləmə həddən artıq sərt olarsa, kraudfandinq platformalarının yaradılması və kiçik həcmli layihələrin maliyyələşdirilməsi bahalaşa bilər.

Əsas sualların cavabı Mərkəzi Bankın qərarlarından asılı olacaq

Qanun layihəsi ümumi hüquqi çərçivəni müəyyən etsə də, bazarın real miqyasına təsir edəcək bir sıra əsas göstəricilər sonrakı normativ sənədlərdən və Mərkəzi Bankın qərarlarından asılı olacaq.

Platforma operatorlarının minimum kapitalının nə qədər olacağı, bir layihənin maksimum nə qədər vəsait toplaya biləcəyi, fərdi investorların investisiya limitləri, platformalara dair texniki və təhlükəsizlik tələbləri ayrıca müəyyən edilə bilər.

Bu hədlər aşağı, platformalara qoyulan tələblər isə çox bahalı olarsa, bazara yalnız iri maliyyə qurumları daxil ola bilər. Nəticədə kraudfandinqin əsas üstünlüyü — kiçik layihələr üçün çevik və nisbətən əlçatan maliyyələşmə imkanı — zəifləyə bilər.

Əksinə, tələblər həddən artıq yumşaq olarsa, təcrübəsiz investorların zəif və ya saxta layihələrə pul yatırması, məlumatların düzgün təqdim edilməməsi və bazara etimadın itməsi riski yarana bilər.

Buna görə Mərkəzi Bankın qarşısında həm innovasiyaların inkişafına şərait yaratmaq, həm də investorların vəsaitlərini qorumaq kimi mürəkkəb balans dayanır.

ESOP texnologiya şirkətlərinə kadr saxlamaqda kömək edə bilər

İşçilərin şirkətdə pay və ya səhm əldə etməsini nəzərdə tutan ESOP mexanizminin hüquqi çərçivəsinin yaradılması da paketdə yer alan mühüm yeniliklərdən biridir.

Startaplar çox vaxt əməkhaqqı səviyyəsinə görə böyük şirkətlərlə rəqabət apara bilmir. Şirkətin gələcək dəyər artımından pay təklif edilməsi isə ixtisaslı işçilərin cəlb edilməsinə, motivasiyasının artırılmasına və uzunmüddətli saxlanmasına kömək edə bilər.

İşçi şirkətin uğurundan birbaşa maddi fayda əldə etdikdə, onun şirkətin inkişafında marağı və məsuliyyəti də artır.

Lakin ESOP-un effektiv işləməsi üçün bir sıra məsələlərin dəqiq tənzimlənməsi vacibdir. Səhmlərin işçiyə verilməsi zamanı verginin nə vaxt yarandığı, şirkətin və səhmlərin necə qiymətləndiriləcəyi, əməkdaş şirkətdən ayrıldıqda payın taleyi və səhmlərin geri alınması qaydaları aydın olmalıdır.

Bu məsələlər dəqiq həll edilməsə, ESOP hüquqi baxımdan mövcud olsa da, şirkətlər ondan istifadədə tərəddüd edə bilərlər.

Qanun sərmayə üçün şərait yaradır, amma sərmayəni özü yaratmır

Yeni hüquqi baza startap bazarının inkişafı üçün vacib şərtdir, lakin təkbaşına kifayət deyil. Qanunvericilik dəyişikliklərinin qəbul edilməsi avtomatik olaraq ölkəyə böyük həcmdə vençur kapitalının gələcəyi demək deyil.

Bazarın işləməsi üçün yerli vençur fondları, mələk investorlar, korporativ investorlar və xarici fondlar real vəsait ayırmalıdır.

Eyni zamanda investora uğurlu şirkətdəki payını gələcəkdə sata biləcəyi çıxış imkanları lazımdır. Yerli kapital bazarı, şirkət satınalmaları və sonrakı investisiya raundları zəif olarsa, investor startapa vəsait yatırsa belə, gələcəkdə həmin investisiyadan çıxmaqda çətinlik çəkə bilər.

Xarici investorlar üçün valyuta və bank əməliyyatlarının sadələşdirilməsi də mühüm rol oynayacaq. İnvestisiyanın ölkəyə daxil olması qədər, dividendin və ya şirkət payının satışından əldə edilən vəsaitin maneəsiz şəkildə ölkədən çıxarılması da vacibdir.

Bundan başqa, investorlar üçün vergi rejiminin aydın olması, şirkətlərin maliyyə hesabatlarının şəffaflığı, intellektual mülkiyyət hüquqlarının qorunması və mübahisələrin sürətli həlli də bazarın inkişafına təsir edən əsas amillərdir.

Nəticə

Yeni qanunvericilik paketi Azərbaycanın startap bazarında uzun müddət çatışmayan hüquqi infrastrukturu qurmağa yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər.

SAFE, konvertasiya edilən borc, vençur fondları, korporativ müqavilələr, ESOP və kraudfandinq mexanizmlərinin hüquqi müstəviyə gətirilməsi bazarın peşəkarlaşmasına, startapların alternativ maliyyə mənbələrinə çıxışının genişlənməsinə və investorların hüquqlarının daha aydın qorunmasına şərait yarada bilər.

Lakin islahatın uğuru qəbul edilən sənədlərin sayına görə deyil, praktiki nəticələrlə ölçüləcək: neçə vençur fondu və kraudfandinq platforması yaradılacaq, startaplar nə qədər investisiya cəlb edəcək, xarici investorların payı nə qədər olacaq və bir investisiya sövdələşməsinin bağlanması nə qədər vaxt və xərc tələb edəcək.

Başqa sözlə, Azərbaycan startap bazarı üçün hüquqi qapı açmağa hazırlaşır. İndi əsas məsələ həmin qapıdan real investorların və kapitalın keçib-keçməyəcəyidir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti