Konqoda Ebola virusuna yoluxma sayı 3 mini keçib, tibb işçiləri tətilə başlayıb
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 3 mini ötüb. Ölkədə tarixdə ən sürətlə yayılan epidemiyalardan biri ilə mübarizə davam edərkən, səhiyyə sistemində yeni böhran yaranıb.
Bu barədə Sky News Konqo Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verib.
Son məlumata görə, ölkədə 3 075 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Virus indiyədək 1 354 nəfərin həyatına son qoyub, 766 xəstə isə hələ də təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır. Yoluxmaların təxminən 90 faizi İturi əyalətinin payına düşür.
Bunia şəhərində yerləşən Elikya Ebola Müalicə Mərkəzinin həkimləri, tibb bacıları və digər əməkdaşları iki aydır ödənilməyən əməkhaqqı əlavələrinə etiraz olaraq tətilə çıxıblar. Tətil səbəbindən xəstələrin müalicəsi və yeni yoluxmaların qarşısının alınması istiqamətində işlər ciddi şəkildə çətinləşib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, mövcud epidemiya Bundibuqyo ştamı ilə bağlıdır və bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə hələ mövcud deyil. Silahlı münaqişələr, əhalinin səhiyyə işçilərinə inamsızlığı və maliyyə problemləri epidemiyanın nəzarət altına alınmasını daha da çətinləşdirir
Mənbə: anews.az