Image

Murad Arif Elm və Təhsil nazirliyini tənqid edib

Məktəb attestatlarının elektron formada verilməsinə keçid xaricdə təhsil almaq istəyən bəzi vətəndaşlar üçün sənədlərin apostil edilməsi ilə bağlı problem yaradıb. Bu barədə müğənni və bəstəkar Murad Arif öz sosial hesabında bildirib.

O, sosial şəbəkədə Elm və Təhsil Nazirliyinə müraciət edərək bildirib ki, məktəblər attestatları əvvəlki kağız formatında verməkdən imtina edir, yeni elektron sənəd isə apostil üçün qəbul edilmir.

“Məktəb attestatı artıq köhnə üsulla təqdim edilmir. Yeni qaydaya əsasən sənəd elektron formada, PDF şəklində verilir. Lakin bu elektron sənədi heç bir qurum qəbul edib apostil etmir”, - Murad Arif yazıb.

Onun sözlərinə görə, yaranmış vəziyyət xaricdə təhsil üçün sənədlərin təqdim edilməsini gecikdirir.

“Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”, - o bildirib.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Səbuhi Rzazadə Murad Arifin paylaşımına cavab olaraq məsələnin aidiyyəti şəxsə çatdırıldığını və həll ediləcəyini deyib.

“Bu məsələ ilə bağlı Könül xanıma məlumat verilib, sabah həll olunacaq. Narahatçılıq yoxdur”, - Rzazadə yazıb.

Murad Arif cavabında nazirlik rəsmisinə iyunun 4-də başqa məsələ ilə bağlı etdiyi müraciətin də cavabsız qaldığını bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq