Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də imtahan keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən məlumatları təqdim olunan şəxslər avqustun 12-si saat 18:00-dan sentyabrın 7-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Namizədlər əvvəlcə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak haqqı 35 manatdır. Namizədlər bu məbləği “Şəxsi kabinet”dəki hesaba əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərin ödədiyi vəsait geri qaytarılmır.
İmtahan Bakı, Bərdə, Gəncə və Naxçıvanda keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini imtahana üç gün qalmış DİM-in internet saytından əldə edə biləcəklər.
Bir saat davam edəcək imtahanda sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlarla bağlı 20 test tapşırığı təqdim olunacaq.
Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar nəticəyə təsir etməyəcək. 10 və daha çox bal toplayan namizədlər imtahandan keçmiş hesab olunacaq və onlara yeddi il müddətində etibarlı şəhadətnamə veriləcək.
Mənbə: anews.az