Image

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili “Threod Systems” müdafiə şirkətinin binasının yandırılmasına cəhdlə əlaqədar Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Estoniya XİN “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar Rusiya diplomatına bu gün Estoniya XİN-də etiraz bildirilib.

Estoniya Daxili Təhlükəsizlik Xidmətinin məlumatlarına əsasən, Rusiya kəşfiyyatının insidentdə əli olduğu iddia edilir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, ölkə bu cür fəaliyyətlərin aşkarlanması və qarşısının alınması sahəsində çoxillik təcrübəyə malikdir. Onun sözlərinə görə, “Threod Systems” şirkətinin binasının yandırılmasına cəhddə şübhəli bilinən şəxslər saxlanılıb və təhlükə aradan qaldırılıb.

Tsahkna həmçinin bildirib ki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki bütün avtomobil keçid məntəqələrini nəqliyyat vasitələri və piyadalar üçün bağlamağa hazırlaşır.

Nazirin sözlərinə görə, Avropa İttifaqı noyabrın 16-da daha 150 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib. O qeyd edib ki, Tallin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, viza məhdudiyyətlərinin sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması istiqamətində işi davam etdirəcək.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda restoran yanır