Image

İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın Prezidenti Edqars Rinkeviçsə və Omanın Sultanı Heytəm bin Tariq Al Səidə milli bayramları münasibətilə təbrik məktubları göndərib. Bu barədə Prezident.az məlumat yayıb.

İlham Əliyev Latviya Prezidentinə ünvanladığı məktubda Azərbaycan-Latviya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.

Dövlət başçısı iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və yeni mahiyyət kəsb etdiyini vurğulayıb. O, Edqars Rinkeviçsin aprel ayında Azərbaycana rəsmi səfərinin dövlətlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsi və əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdığını qeyd edib.

İlham Əliyev Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib.

Prezident latviyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Latviya xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Dövlət başçısı Omanın Sultanı Heytəm bin Tariq Al Səidə ünvanladığı məktubda da Oman Sultanlığının milli bayramı münasibətilə onu və xalqını təbrik edib.

İlham Əliyev sultana möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Oman xalqına isə əmin-amanlıq və firavanlıq diləyib.

Mənbə: anews.az

Xəbər lenti