Image

Şahin Babayev: Hər il 600 peşə təhsili tələbəsi dəmir yollarında təcrübəyə cəlb olunur

Hər il təxminən 600 peşə təhsili tələbəsi Azərbaycan Dəmir Yollarında təcrübə proqramlarına cəlb olunur. Proqramı uğurla başa vuran iştirakçılar texniki bacarıqlar tələb edən vəzifələr üzrə işlə təmin edilirlər. Bunu AZCON-un rəhbəri Şahin Babayev Peşə Təhsili Forumu çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, AZCON-un tabeliyində olan Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq edir.

Babayev qeyd edib ki, holdingin İT mütəxəssislərinə olan ehtiyacını qarşılamaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Rəqəmsal Körpü” təcrübə proqramı da əhəmiyyətli nəticələr verib.

Onun sözlərinə görə, ilkin mərhələdə 1000 iştirakçı arasından 110, növbəti mərhələdə isə 103 nəfər seçilərək proqrama cəlb olunub. Ümumilikdə 213 iştirakçı təcrübə prosesini başa vurub. Proqramı uğurla tamamlayan iştirakçıların holdingin strukturuna daxil olan qurumlarda işlə təmin olunması nəzərdə tutulur.

AZCON rəhbəri digər mühüm təşəbbüs kimi Azərbaycan Texniki Universiteti və Münhen Texniki Universitetinin akademik dəstəyi ilə yaradılan mərkəzi də qeyd edib. Bildirib ki, 2026-cı ilin mayında yaradılan mərkəzin əsas məqsədi İT sahəsi üzrə mütəxəssislərin hazırlanmasıdır. İlkin mərhələdə mərkəzə 30 tələbə qəbul olunub.

Babayev bu cür layihələrin həm holdingin tərkibindəki qurumların, həm də onların fəaliyyət göstərdiyi sahələrin ixtisaslı kadr ehtiyacının qarşılanmasında mühüm rol oynadığını vurğulayıb.

Mənbə: anews.az

Xəbər lenti