Əmiraslanov: Dövlət fermerə potensial vergi ödəyicisi kimi baxmır
Dövlət kənd təsərrüfatına dəstək siyasətini dəyişmir və hazırda birbaşa və dolayı dəstək istiqamətləri üzrə aqrar sahəyə təxminən 1,5 milyard manat vəsait yönəldilir. Bunu deputat Azər Əmiraslanov Milli Məclisdə müzakirələr zamanı kənd təsərrüfatına vergi tətbiqi ilə bağlı narahatlıqlarla bağlı çıxışlara münasibət olaraq bildirib.
“Dövlət bu gün də kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramlarını həyata keçirir və bu dəstəyin ümumi məbləğinə nəzər yetirmiş olsaq, bu, birbaşa və dolayı dəstək istiqamətləri ilə birlikdə 1,5 milyard manata yaxın dəstəkdir”, – deputat bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı üzrə gözlənilən vergi daxilolmaları cəmi 12-13 milyon manatdır. Buna görə də dövlətin fermerləri büdcə gəlirlərinin əsas mənbəyi kimi görmədiyini vurğulayıb.
“Dövlət fermerə, kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi baxmır. Aidiyyəti qurumlara da müzakirələr zamanı tövsiyə olundu ki, ictimaiyyətə, xüsusilə də aqrar ictimaiyyətə, kənd əhalisinə bu məsələlər ciddi şəkildə izah olunmalıdır, maarifləndirmə aparılmalıdır. Çünki dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır. Bu gün də dövlət fermerin yanındadır, kənd təsərrüfatı istehsalçılarının yanındadır”, – Azər Əmiraslanov deyib.
Deputatın sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarına suvarma suyu maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə satılır. Bu məqsədlə dövlətin ayırdığı dəstəyin həcmi 300 milyon manata yaxındır.
O, kənd təsərrüfatı üzrə vergi güzəştlərinin məbləğinin 580 milyon manat təşkil etdiyini də bildirib.
“Əgər 580 milyon manat vergi güzəştini dövlət tətbiq edirsə, 12-13 milyon manat təbii ki, fermerdən bir vergi gözləntisinin olması heç də ondan xəbər vermir ki, biz fermerlər hesabına büdcə daxilolmalarını təmin edirik. Bu gözlənilən məbləğ ümumilikdə kənd təsərrüfatı üzrə vergi güzəştlərinin cəmi 2 faizini təşkil edir”, – o bildirib.
Azər Əmiraslanov yeni vergi rejiminin əsas məqsədlərindən birinin kənd təsərrüfatında uçot sisteminin qurulması olduğunu qeyd edib. Onun sözlərinə görə, indiyədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üçün maliyyə vəsaitləri ayrılıb və inzibati resurslar səfərbər edilib. Bu sistem vasitəsilə uçotun aparılması dövlət dəstəyinin səmərəliliyini qiymətləndirməyə imkan verə bilər.
“Bu gün kənd təsərrüfatında vergi məsələlərinin uçotla əlaqələndirilməsi həm də ona imkan verəcək ki, dövlət hər bir kəndliyə, fermerə, kənd təsərrüfatı istehsalçısına yönəltdiyi dəstəyi qiymətləndirmiş olsun, kənd təsərrüfatına dövlət dəstəyini daha səmərəli təşkil etmiş olsun”, – deputat bildirib.
O əlavə edib ki, uçot sisteminin təkmilləşdirilməsi ərzaq balansının daha dəqiq hazırlanmasına və ölkənin ərzaq məhsulları ilə özünütəminetmə göstəricilərinin real hesablanmasına da kömək edəcək.
“Bütövlükdə vergi məsələlərinin uçotla əlaqələndirilməsi hesab edirik ki, bu, dövlət tərəfindən bir tərəfdən həm kənd təsərrüfatına dəstəyin səmərəli təşkilinə imkan verəcək, həm də bütövlükdə vergi inzibatçılığını təkmilləşdirəcək, həm də kənd təsərrüfatında yeni bir mərhələnin başlanğıcı olacaq”, – Azər Əmiraslanov vurğulayıb.
Deputat sonda dövlətin aqrar sahəyə dəstək proqramlarının davam etdiyini və bu məsələlərlə bağlı ictimaiyyətdə yanlış təsəvvürlərin yaranmamasının vacibliyini qeyd edib.
Mənbə: anews.az