Image

Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat

Deputat Məşhur Məmmədov kənd təsərrüfatı istehsalçılarına vergi tətbiqinin fermerlər üçün əlavə mühasibat xərcləri yaradacağını və bunun məhsulların bahalaşmasına səbəb ola biləcəyini açıqlayıb.

O, büdcəyə cəlb edilməsi nəzərdə tutulan 14,5 milyon manatın əvəzində fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat xərcləyə biləcəyini deyərək məsələnin qanun layihəsinin ikinci oxunuşunda yenidən nəzərdən keçirilməsini təklif edib.

Deputat parlamentdə çıxışı zamanı bildirib ki, hazırda təxminən 386 min fermerə subsidiya verilir, torpaq sahələrinin mülkiyyətçilərinin sayı isə 600 minə yaxındır.

Məşhur Məmmədovun sözlərinə görə, subsidiya alan 384 min fermer əsas götürüldükdə, hər bir fermerin hesabına büdcəyə ildə təxminən 40 manat daxilolma nəzərdə tutulur. Lakin vergi uçotunun aparılması üçün fermerlərin mühasibə ehtiyacı yaranacaq.

“Azərbaycanda minimum əməkhaqqı əgər bu ildən 400-450 manat olarsa, orta bu işçi xərci ən minimumda 5 500 manatdan 7 500 manata qədər ola bilər. Bu isə 40 manatın qarşısında ondan yüzlərlə dəfə daha çox kənd təsərrüfatı ilə məşğul olan fermerlərin əlavə vəsait xərcləməsinə səbəb olacaq”, – deputat bildirib.

O qeyd edib ki, regionlarda bu qədər sayda mühasib tapmaq da çətin olacaq.

“Yəni əslində bu qanunun arxasında biz fermerləri hansı çətin vəziyyətə saldığımızı və bu uçotun əslində mümkün olmamasını artıq özümüz görə-görə, qanunla qəbul etdiyimiz qanunların gələcəkdə həyata keçirilməyəcəyini görərək bu qanunları qəbul edirik.

Bizim, mənə gələr, burada oturan çox deputatların da fikri belə olar ki, bu 14 milyon yarım büdcə vəsaitinin əvəzinə fermerlərin 100 milyonlarla daha çox vəsaiti təkcə mühasibat üçün xərcləməsi kənd təsərrüfatı məhsullarının həm bahalaşmasına, həm də kənd təsərrüfatında çalışan insanların problemlərlə üzləşməsinə səbəb olacaq”, – Məşhur Məmmədov vurğulayıb.

Deputat məsələnin ikinci oxunuşda hökumət tərəfindən nəzərə alınmasının fermerlər üçün müsbət addım olacağını bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb