Image

Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb

Deputat Fazil Mustafa sahibkarların üzləşdiyi əsas problemlər sırasında bank kreditləri üzrə borc ödənildikdən sonra girov qoyulmuş əmlakın azad edilməsi ilə bağlı çətinlikləri, digər dövlət qurumlarının tətbiq etdiyi cərimələri və elektrik avtomobillərinin idxalına vergi tətbiqini qeyd edib. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.

O bildirib ki, sahibkar borcunu və faizlərini məhkəmə qərarı ilə ödəsə də, girov qoyulmuş əmlakın azad edilməsi üçün yenidən məhkəməyə müraciət etməli olur.

“Adam məhkəmə qərarı ilə borcunu və faizini ödəyir, üstəlik də əmlakını girovdan çıxarmaq üçün yenidən məhkəməyə müraciət etməli olur. Bu vaxt itkisi və əsəblə yanaşı, sahibkar üçün həm də maneə kimi anlaşılır”, -deputat bildirib.

Fazil Mustafa qeyd edib ki, sahibkarların əksəriyyətinin vergi orqanları ilə ciddi problemi yoxdur və son illərdə Dövlət Vergi Xidməti sahibkarlığın inkişafını stimullaşdıran addımlar atıb. Bununla belə, ayrı-ayrı dövlət qurumlarının tətbiq etdiyi cərimələr sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir göstərir.

“Sadəcə, ayrı-ayrı digər qurumların müxtəlif bəhanələrlə cərimə ilə sahibkarlıq subyektlərini sıxması iş yerlərinin bağlanmasına və ya işçi sayının məhdudlaşdırılmasına gətirib çıxarır”, – o deyib.

Deputat elektrik avtomobillərinin idxalına vergi tətbiq edilməsini də müzakirəyə çıxarıb. O bildirib ki, bir çox ölkədə elektrik avtomobillərinin alınmasını stimullaşdırmaq üçün vergi güzəştlərindən istifadə olunur.

“Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərinin gətirilməsinə vergi yox idi. Amma bu ildən bu tətbiq olunur ki, bu da iqtisadi imkanlarımıza təsirini göstərəcək”, – Fazil Mustafa vurğulayıb.

O, aqrar sahəyə verilən dövlət subsidiyalarının vergidən azad olunmasını müsbət addım kimi qiymətləndirib. Deputat müraciətlərin yalnız elektron formada edilməsinin də sahibkarlar üçün iş prosesini asanlaşdıracağını bildirib.

Fazil Mustafa turizm sektorunun potensialından daha səmərəli istifadə olunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Gürcüstan, Türkiyə və digər ölkələrin təcrübəsi turizmin dövlət büdcəsinin gəlirlərini artırmaq üçün imkanlar yaratdığını göstərir.

“Doğru yolları tapa bilsək, dövlət büdcəsinin də imkanları genişlənəcək və əhalinin də həm sosial rifahının yüksəldilməsinə, sosial müavinətlərin verilməsinə və insanların müəyyən dərəcədə yaşayış səviyyəsinin yüksəldilməsinə də nail ola bilərik”, – deputat əlavə edib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb