bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar
bp şirkəti Azərbaycandakı layihə tərəfdaşları adından ölkədə inklüziv təhsilə dəstək məqsədi daşıyan 91,55 min manat dəyərində 14 aylıq sosial investisiya layihəsinin başa çatdığını noyabrın 17-də elan edib.
"DanceAbility Azerbaijan" təşkilatı tərəfindən icra olunan təşəbbüs çərçivəsində Azərbaycan İdman Akademiyasının adaptiv bədən tərbiyəsi, idman tibbi və reabilitasiya, bədən tərbiyəsi və çağırışaqədərki hazırlıq müəllimliyi, kütləvi sağlamlaşdırıcı idman və məşqçilik ixtisasları üzrə təhsil alan 165 tələbəsinin inklüziv tədris bacarıqları inkişaf etdirilib. İştirakçılar beynəlxalq səviyyədə tanınan "DanceAbility®" metodikası üzrə 30 saatlıq təlim, superviziya və praktiki məşğələlər keçərək beynəlxalq sertifikatlar əldə ediblər.
Tədbirdə çıxış edən bp-nin Xəzər regionu, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, layihə gələcək müəllim və mütəxəssislərə təhsil, reabilitasiya və rekreasiya müəssisələrində əlilliyi və neyrofərqliliyi olan uşaqlar üçün daha əlçatan mühit yaratmağa kömək edəcək. Azərbaycanda fəaliyyət göstərdiyi 34 il ərzində bp müstəqil şəkildə və tərəfdaşları ilə birlikdə ölkədə sosial investisiya layihələrinə 115 milyon dollardan çox vəsait yönəldib.
Mənbə: anews.az