Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Son beş ildə ölkənin bütün iqtisadi rayonlarında keçirilən aqrobiznes festivallarında 300-dən çox işəgötürən və təchizatçı şirkət iştirak edib. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, festivallarda peşə məktəbləri və liseylər də fəal iştirak edib, öz məhsul və xidmətlərini nümayiş etdiriblər. Bu tədbirlər peşə təhsili alan gənclərin işəgötürənlərlə birbaşa əlaqə qurmasına və ixtisaslarına uyğun iş imkanları əldə etməsinə şərait yaradıb.
Anar Cəfərov bildirib ki, bölgələrdə məşğul əhalinin 50 faizindən çoxu kənd təsərrüfatı sektorunda çalışır. Bu baxımdan aqrar sahədə peşə təhsilinin inkişafı və kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, aqrobiznes festivallarında iştirak edən şirkətlər Bərdə və Cəlilabad peşə təhsili müəssisələrində emalatxanaların yaradılmasına, laboratoriyaların təchiz edilməsinə dəstək göstərmək təklifləri ilə çıxış ediblər.
Mərkəz direktoru əlavə edib ki, Aqrar İnnovasiya Mərkəzi Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Bunlara aqrobiznes festivalları, regionlarda aqrar sahəyə dövlət dəstəyi mexanizmlərinin təşviqi və kənd təsərrüfatında tətbiqi layihələri daxildir.
Onun sözlərinə görə, regionlarda keçirilən maarifləndirici tədbirlərdə altı mərkəzi icra hakimiyyəti orqanının nümayəndələri iştirak edir. Fermerlərə maliyyə savadlılığının artırılması, texniki biliklərin və peşə vərdişlərinin inkişafı, eləcə də dövlət dəstəyi mexanizmləri barədə məlumat verilir. Bu tədbirlər indiyədək 40-dan çox bölgədə təşkil olunub.
Anar Cəfərov bildirib ki, aqrar sahədə rəqəmsallaşmanın inkişafı istiqamətində həyata keçirilən layihələrdə peşə məktəblərinin tələbələri də iştirak edirlər. Bu, onların əldə etdikləri bilik və bacarıqları kənd təsərrüfatının rəqəmsallaşması prosesində tətbiq etmələrinə imkan yaradır.
O, həmçinin 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının yalnız istehsalına deyil, emalına da xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, gələcəkdə peşə təhsili üzrə yeni ixtisaslar müəyyənləşdirilərkən aqrar məhsulların emalı istiqamətində kadr hazırlığı da nəzərə alınmalıdır.
Mənbə: anews.az