Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya son 4 ildə 37 mindən çox unikal vakansiya elanını təhlil edib. Bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təhlillər nəticəsində əmək bazarında tikinti, emal sənayesi və maliyyə sahələrinə tələbatın daha yüksək olduğu müəyyən edilib.
Elnur Səfərli bildirib ki, Milli Observatoriya ölkədə əmək bazarı və məşğulluqla bağlı müxtəlif təhlillər və tədqiqatlar aparır. Bu araşdırmalar statistik məlumatlarla yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə keçirilən sorğulara da əsaslanır.
O qeyd edib ki, əmək bazarı dinamik prosesdir və müasir dövrün tələblərinə uyğun olaraq mütəmadi dəyişir. Bu baxımdan Observatoriya vakansiyaların təhlili, təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərinin ölçülməsi, statistik məlumatların araşdırılması və şagirdlərin peşə seçimi meyillərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərir.
Onun sözlərinə görə, işəgötürənlər namizədlərdən yalnız diplom və texniki biliklər deyil, həmçinin müxtəlif yumşaq bacarıqlar da tələb edirlər. Bu məlumatların dəqiqləşdirilməsi məqsədilə 12 fərqli sahə üzrə 259 işəgötürən arasında birbaşa sorğular keçirilib.
“Son illərdə təhsil müəssisələrinin məzunlarının məşğulluq səviyyəsi 65-70 faiz arasında dəyişir. Bu istiqamətdə təhsil müəssisələri ilə mütəmadi əməkdaşlıq edilir, qəbul planları və ixtisasların əmək bazarının tələblərinə uyğunluğu ilə bağlı məlumatlar həmin qurumlara təqdim olunur. Gənclərin peşə seçimi meyillərinin öyrənilməsi məqsədilə ölkə üzrə 2 420 şagird arasında sorğu keçirilib. Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının yalnız 27 faizinin seçdiyi peşə onların bacarıqlarına uyğun olub”,- Səfərli qeyd edib.
Mənbə: anews.az