Image

Ermənistan sərhədinə dəmir yolunun çəkilişi 2027-ci ilin əvvəlində başa çatacaq

Azərbaycan dəmir yolunun Ermənistan sərhədinə çatdırılması işlərini 2027-ci ilin əvvəlində başa çatdıracaq, xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə mətbuat konfransında TRIPP layihəsi üzrə birgə texniki işçi qrupun hansı konkret işləri gördüyü barədə sualını cavablandırıb.

Bayramovun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və ABŞ arasında üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə olunub və qrup noyabrın 6-da fəaliyyətə başlayıb.

Qrup iki istiqamət üzrə — dəmir yolu və avtomobil yolu bağlantıları, eləcə də elektrik kabeli layihəsi üzrə texniki parametrlərin uzlaşdırılması və işlərin icra müddətlərinin müəyyənləşdirilməsi ilə məşğul olur.

Nazir bildirib ki, TRIPP Ermənistan ərazisindən keçən 42 kilometrlik nəqliyyat dəhlizini nəzərdə tutur. Dəhlizin giriş və çıxış nöqtələri Ermənistan–Azərbaycan sərhədində yerləşdiyindən texniki göstəricilərin Azərbaycan tərəfi ilə razılaşdırılması zəruridir.

“Azərbaycan kommunikasiyaları ilə bu bağlantı baş verməzsə, onda bunun sadəcə olaraq mənası yoxdur, məntiqi yoxdur”, — Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisində avtomobil və dəmir yolu layihələrini tamamlamaq üzrədir.

“Dəmir yolu layihəsinin Ermənistan sərhədinə çatdırılması istiqamətində işlər sürətlə davam etdirilir və gələn ilin əvvəlində bu proses başa çatacaq”, — nazir bildirib.

Bayramov xatırladıb ki, TRIPP üzrə razılıqlar 2025-ci ilin avqustunda Vaşinqton sammitində əldə olunub. Bundan sonra ABŞ və Ermənistan layihənin icrasına hazırlıq üzrə danışıqlar aparıblar.

Mənbə: anews.az

Xəbər lenti