AZCON: 800 sürücünün işə götürülməsinə ehtiyac var
AZCON-a yaxın müddətdə daha 800 sürücünün işə götürülməsi tələb olunur.
Bunu AZCON-un rəhbəri Şahin Babayev peşə təhsili ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Bakı şəhərində 3 700 sürücü fəaliyyət göstərir. Bakı Bus-un fəaliyyət istiqamətlərinin genişləndirilməsi, eləcə də regionlarda depo və infrastrukturun inkişafı əlavə işçi qüvvəsinə tələbat yaradır.
Babayev qeyd edib ki, sürücülərlə yanaşı, aviasiya, telekommunikasiya və yükdaşıma sahələrində də ixtisaslı kadrlara ehtiyac artır. AZAL-ın təyyarə parkının genişləndirilməsi ilə əlaqədar əsas hədəflərdən biri yerli pilotların sayının artırılmasıdır.
AZCON rəhbəri yaxın gələcəkdə data mühəndisləri, İT və süni intellekt mütəxəssislərinin də prioritet peşələr sırasında olacağını vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsallaşmanın sürətlənməsi kibertəhlükəsizlik mütəxəssislərinə tələbatı da artırır.
Babayev beynəlxalq təcrübədən danışarkən Sinqapurun limanlarından birində proseslərin yüksək səviyyədə avtomatlaşdırıldığını diqqətə çatdırıb. O bildirib ki, bu təcrübə liman əməliyyatlarında belə insan əməyinin avtomatlaşdırılmış sistemlərlə əvəzlənməsinin mümkünlüyünü göstərir.
AZCON rəhbəri vurğulayıb ki, holdingin gələcək kadr ehtiyaclarında İT, kibertəhlükəsizlik, data mühəndisliyi və rəqəmsallaşma ilə bağlı ixtisaslar xüsusi yer tutacaq.
Mənbə: anews.az